İQTİSADİYYAT
“Azercell”in Barama mərkəzi “PAŞA Bank” ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 7 oktyabr, AZƏRTAC
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi “PAŞA Bank” ilə əməkdaşlıq memorandumu imzalayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafına dəstək olaraq fərdi sahibkarlığın artmasına və güclənməsinə yol açmaqdır.
“Azercell”in Barama Mərkəzi “PAŞA Bank” ilə artıq ötən yay Bakıda keçirilmiş "Seedstars World" müsabiqəsində də əməkdaşlıq edib. “PAŞA Bank” Azərbaycan bank sistemində təşkilati strukturunda peşəkar iqtisadçı komandası olan nüfuzlu və etibarlı bankdır. Ölkədə bankçılığın, bu sahəyə aid texnologiyaların, eləcə də orta və kiçik biznesin inkişafı “PAŞA Bank” üçün də strateji əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Bu baxımdan “Azercell”in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi iki nüfuzlu şirkətin məqsəd və maraqlarının qarşılaşdığı bir layihə olaraq, gələcəkdə uğurlu biznes əməkdaşlığı üçün mükəmməl imkanlar yaradır.