CƏMİYYƏT
“Azercell”in Mobil Göz Klinikasında 500-dən çox müayinə aparılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azercell Telekom”un sosial layihələrindən biri olan Mobil Göz Klinikası bu ilin əvvəlindən valideyn himayəsindən məhrum olan 500 uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Eyni zamanda, klinikada bu il ərzində 56 uşaq, 31 böyük müalicə alıb. Son 3 ayda isə uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etmək məqsədilə klinikanın həkimləri tərəfindən Bakıda yerləşən "Duyğu" sosial reabilitasiya ictimai birliyində və Zabrat qəsəbəsində məskunlaşan qaçqın və məcburi köçkünlər üçün oftalmoloji müayinələr keçirilib. Səfər zamanı 100-dən çox insan müayinə olunaraq, həkimlər tərəfindən ehtiyacı olanlara lazımi müalicə və eynək reseptləri təyin olunub.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə "Caspian Compassion Project" təşkilatı tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində, SOS Uşaq Kəndində, Ağcabədidə fəaliyyət göstərən "Günərzi" qayğı mərkəzində olublar. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar.