CƏMİYYƏT
“Azercell”in Mobil Göz Klinikasının dəstəyi ilə 206 nəfərə pulsuz tibbi xidmət göstərilib
Bakı, 21 oktyabr, AZƏRTAC
“Azercell Telekom”un dördillik tarixi olan Mobil Göz Klinikası sosial layihəsi indiyə qədər valideyn himayəsindən məhrum olan minlərlə uşağa, həmçinin ahıllara və aztəminatlı ailələrə xidmət göstərib. Klinikanın həkimləri bu ilin avqust-sentyabr aylarında da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olublar. Müayinə olunan xəstələrin arasında Mərdəkan qəsəbəsində, qonşusunun evində qalan tənha qadın Valentina Murzinanın iki gözündə katarakta aşkar olunub. “Azercell”in, Xəzər Qayğıkeşlik Mərkəzinin və TİSA beynəlxalq məktəbin tələbələri tərəfindən göstərilən yardım nəticəsində pasiyentin hər iki gözü uğurla əməliyyat edilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Azercell”in Mobil Göz Klinikasının dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyinin həkim-oftalmoloqları ümumilikdə, avqust-sentyabr aylarında 206 nəfərə pulsuz tibbi xidmət göstərib.
İlk olaraq Mingəçevir şəhərində valideyn himayəsindən məhrum olan uşaqlara, ahıllara və aztəminatlı ailələrə xidmət göstərilib. Həkimlər 29 böyük və 6 uşaq olmaqla 35 nəfəri müayinə ediblər. Həkimlərin geniş müayinələri nəticəsində 3 nəfərin gözündə katarakta aşkar edilib və xəstələrin oktyabr ayında keçiriləcək pulsuz əməliyyat aksiyasından yararlanması qərara alınıb.
“Azercell”in Mobil Göz Klinikasının həkimləri Mingəçevirdən sonra Ağstafa rayonuna səfərləri zamanı 30 nəfəri müayinə edərək, 19 nəfərə eynək reseptləri yazıb, 14 nəfərə müalicə təyin ediblər.
Azərbaycanın bölgələrinə səfərdən sonra Mobil Göz Klinikasının həkimləri Bakının bir sıra qəsəbələrində pulsuz yardımlarını davam etdiriblər. Bakının Pirallahı, Qaraçuxur, Bülbülə və Mərdəkan qəsəbələrində valideyn qayğısından məhrum olan 150 nəfərə yaxın kimsəsiz uşaq və aztəminatlı ailələrin üzvləri müayinədən keçib və müalicə alıblar.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 4 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər təşkil edib. Eyni zamanda, klinikanın həkimləri Bakı ilə yanaşı, bölgələrə də üz tutublar. Azərbaycanın demək olar ki, bütün bölgələrinə səfər edən həkimlər müalicəyə ehtiyacı olan insanlara dəstək olublar.