İQTİSADİYYAT
Azərenerji: Strateji Yol Xəritəsi yeni texnologiyaların tətbiqi ilə strateji hədəflərə doğru irəliləmək üçün mükəmməl konsepsiyadır
Bakı, 24 yanvar, Elvira Məmmədova, AZƏRTAC
Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi yeni texnologiyaların tətbiqi ilə strateji hədəflərə doğru irəliləmək üçün mükəmməl konsepsiyadır.
Bu fikirləri “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı AZƏRTAC-a müsahibəsində bildirib.
Y.Babanlı vurğulayıb ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” yeni inkişaf konsepsiyası olmaqla köklü iqtisadi dəyişikliklərə geniş şərait yaradacaq. Bu Fərmanda strateji hədəflərdən biri kimi müəyyənləşdirilən, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi ölkəmizin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsinə daha əlverişli mühit formalaşdıracaq. Yeni texnologiyaların tətbiq edilməsi ilə dayanıqlılıq və səmərəlilik yüksək dərəcədə artırılacaq.
Məlum olduğu kimi, yaxın və uzaq perspektivlər üçün elektrik enerjisi sisteminin prioritetləri də bu mühüm əhəmiyyətli sənəddə əksini tapıb. Bu sahə ilə bağlı vacib və strateji məqamlara fundamental əsaslarla yanaşılması onu deməyə əsas verir ki, elektrik enerjisi infrastrukturunda dəyişikliklər, yeniliklər baş verəcək. Sistem dövrün texnoloji inkişafı ilə paralel olaraq müasirləşməkdə davam edəcək. “Azərenerji” ASC bu Strateji Yol Xəritəsindən irəli gələn vəzifə və funksiyaların icrasına başlayaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən qarşıya qoyulan yeni hədəflərin optimal idarəetmə üsulunu və yeni İş Planı hazırlayır.
Bildiyimiz kimi, ötən 15 ildə ölkənin istehsal həcmi əhəmiyyətli dərəcədə artmış və Azərbaycan Respublikasının elektrik enerjisi ixracı potensialı genişlənib, stansiyalar müasirləşdirilib, yarımstansiyalar və ötürücü xətlər yenilənib. Hazırda ölkədə elektrik enerjisinin 90 faizdən çoxu istilik elektrik stansiyalarında, qalan hissəsi isə su və digər elektrik stansiyalarında istehsal edilir.
Bir sözlə, Strateji Yol Xəritəsi iqtisadi və demoqrafik inkişafla əlaqədar artan tələbatın tam ödənilməsinə, elektrik enerjisi təchizatının daha da şaxələndirilməsinə və təchizatın dayanıqlılığının təmin edilməsinə yeni imkan yaradır. Bu Fərman “Azərenerji” ASC-nin qarşısına yeni vəzifə və funksiyalar qoyur və infrastrukturun kompleks inkişafı üçün yeni imkanlar açır.