CƏMİYYƏT
“Azeri observer” jurnalının təqdimatı olub
Bak, 4 mart, Aidə Quluzadə, AZƏRTAC
Martın 4-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Azeri observer” jurnalının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə jurnalın baş redaktoru Arslan Abbasov nəşrin məziyyətindən danışıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalda Azərbaycanın iqtisadi, mədəni, elmi həyatı, ölkəmizin qədim tarixi, turizm potensialı və tarixi abidələri, eyni zamanda, Azərbaycanda və dünyada baş verən mühüm iqtisadi, siyasi, tarixi hadisələrlə bağlı analitik yazılar, xaricdəki səfirliklərimiz, diaspor təşkilatlarımızla bağlı məqalələr və müsahibələr yer alıb. Əsas məqsəd dünya xalqlarının bir–birilərini tanımasına, onların inteqrasiyasına, sivilizasiyalararası dialoqa töhfə verməkdir.
Şura sədri qeyd edib ki, dünyada baş verən hadisələrə ikili standartlarla yanaşılan bir dövrdə bu jurnalın nəşr edilməsi çox böyük önəm daşıyır.
Mərasimdə, həmçinin ingilis dilində nəşr olunan jurnalın yenicə fəaliyyətə başlamış İtaliya bürosunun iş prinsipləri barədə də söhbət açılıb. İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo bu jurnalın İtaliya ilə əlaqələr yaratmasını yüksək qiymətləndirib. Səfir İtaliya və Azərbaycan arasındakı əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Jurnalın baş direktoru, əməkdar jurnalist Fazil Abbasov nəşr barədə məlumat verərək bildirib ki, jurnalda karikatura bölməsi də öz əksini tapıb. “Azeri observer” jurnalının hər sayı Beynəlxalq Media Mərkəzinin www.newspaperdirect.com saytında yerləşdirilir ki, bu da dünya oxucularına Azərbaycan gerçəklikləri ilə tanış olmağa imkan verir. Məlumat verilib ki, jurnal “Assa – İrada” Beynəlxalq Xəbər Agentliyi tərəfindən təsis edilib.
Qeyd edilib ki, jurnalın İtaliyada bürosunun açılmasının səbəbi bu ölkənin Azərbaycanın Avropada ən önəmli tərəfdaşlarından biri olmasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illər iki ölkə arasındakı mədəni əlaqələr daha da inkişaf edir. Jurnalda İtaliya-Azərbaycan əlaqələrini əks etdirən xüsusi bölmə də var.
Jurnalın İtaliya bürosunun rəhbəri Covanni Bella İtaliya-Azərbaycan əlaqələrindən, nəşrin əlaqələrimizin daha da genişlənməsində oynayacağı roldan danışıb.
Tədbirdə diplomatlar, yerli və xarici şirkətlərin təmsilçiləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.