REGİONLAR


“Azərikimya” İB-də Etilen-propilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində iki müqavilə imzalanıb

A+ A

Sumqayıt, 5 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Noyabrın 5-də Sumqayıt şəhərində SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin baş ofisində Etilen-propilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində “TECHNİP İTALY S.p.A.” şirkəti və "SOCAR-KBR" Birgə Müəssisəsi arasında imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasimdə iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR “TECHNİP İTALY S.p.A.” şirkətinin baş icraçı direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəni ziyarət edib, Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri düzüblər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbirdə çıxış edərək həyata keçiriləcək yenidənqurma işlərindən danışıb. Bildirilib ki, görüləcək tədbirlər nəticəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeniləri inşa olunacaq. Nəticədə İstehsalat Birliyinin istehsal gücü artacaq. Həmçinin Sumqayıtda tikintisinə başlanılmış polipropilen və polietilen qurğuları xammal ilə təmin ediləcək, ölkənin bu məhsullara olan tələbatı ödəniləcək, ixrac potensialı artacaq. Texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.

Sonra “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara İstehsalat Birliyində həyata keçirilən yeni layihələr haqqında ətraflı məlumat verib.

“TECHNİP İTALY S.p.A.” şirkətinin baş icraçı direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland təqdimatla çıxış ediblər.

Marco Villa bildirib ki, yenidənqurma layihələri mərhələli olaraq 2018-2019-cu illərə qədər davam etdiriləcək. “SOCAR-KBR” Birgə Müəssisəsi layihənin idarə edilməsi üzrə podratçı (PMC) qismində işlərə cəlb olunub.

Jan Egil Braendeland isə çıxışında qeyd edib ki, imzalanacaq müqavilə çərçivəsində “SOCAR-KBR” və “Azərikimya” İB-nin mütəxəssislərindən ibarət “Birgə layihə qrupu”nun yaradılması nəzərdə tutulur. “SOCAR-KBR” Birgə Müəssisəsi layihənin bütün mərhələlərinin icrasına nəzarət edəcək və cəlb olunan podratçıların idarə edilməsində “Azərikimya” İB-yə dəstək verəcək.

Görüş çərçivəsində “Azərikimya” İB ilə “TECHNİP İTALY S.p.A.” arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, İstehsalat Birliyi ilə “SOCAR-KBR” Birgə Müəssisəsi arasında layihənin idarəedilməsi üzrə podratçı - PMC müqaviləsi imzalanıb.

Hər iki müqaviləni “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəfdən isə müvafiq olaraq “TECHNİP İTALY S.p.A.” şirkətinin baş icraçı direktoru Marco Villa və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland imzalayıblar.

Sonra tədbir iştirakçıları yenidənqurma aparılacaq əraziyə gəlib, layihənin planı ilə tanış olub, ağac əkiblər.

Xatırladaq ki, hələ cari ilin martında SOCAR-ın baş ofisində “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində birlik ilə “TECHNİP İTALY S.p.A.” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə ilkin işlərə dair müqavilənin imzalanma mərasimi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.