QAN YADDAŞI
“Azərikimya” İB-də Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib
Sumqayıt, 25 fevral, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Birliyin idarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, həmçinin Karbamid zavodunun və “Sumqayıt” Peşəkar Futbol Klubunun əməkdaşlarının iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri soyqırımı haqqında iştirakçılara geniş məlumat verilib.
Qeyd olunub ki, soyqırımı aktının üstündən 25 il keçməsinə, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlayır. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, bu hərbi cinayət beynəlxalq miqyasda hələ də öz hüquqi qiymətini almayıb.
Anım mərasimində “Xoca” filmi nümayiş olunub.
Qeyd edək ki, Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimləri “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də keçirilib.