İQTİSADİYYAT
“Azərikimya” İB-də istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı olub
Bakı, 10 oktyabr, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyində istehsalat tullantı sularının təmizlənməsi qurğusunun təqdimatı keçirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərikimya” İB-nin strukturuna daxil olan müəssisələrin çirkab sularının təmizlənməsi məqsədilə 1967-ci ildən fəaliyyətə başlayan “Təmizləyici qurğular” sexinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar yeni qurğunun tikintisi üçün ötən ilin əvvəllərində layihə sənədləri hazırlanıb. İstehsalat tullantı sularının təmizlənməsi qurğusunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və montaj işlərinin satın alınması məqsədilə keçən ilin noyabrında birlik tərəfindən açıq müsabiqə elan edilib, Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti 35 xarici şirkət arasında tenderin qalibi elan olunub. Cari ilin iyulunda bu şirkətlə “Azərikimya” İB arasında müvafiq müqavilə imzalanıb.
Birliyin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat verib. Sonra tikinti işlərini həyata keçirəcək Türkiyənin “İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tərəfindən birliyin struktur bölmələrində formalaşan məişət və kimyəvi çirkab sularının təmizlənməsi üçün seçilmiş sutəmizləmə qurğusunun, ümumilikdə bu istiqamətdə görüləcək işlərin təqdimatı olub.
Geniş müzakirə və fikir mübadiləsi şəraitində keçən təqdimat mərasimində çıxış edənlər qurğunun kimya sənayesi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.