CƏMİYYƏT
“Azərikimya”da təhlükəsizlik sahəsində qeydə alınan qayda pozuntuları müzakirə olunub
Sumqayıt, 4 avqust, AZƏRTAC
“Azərikimya” İstehsalat Birliyində (İB) bu ilin birinci yarısında işçilərin əməyinin mühafizəsi sahəsində görülmüş işlərin hesabatı və iyun-iyul ayları ərzində Etilen-polietilen zavodunda aparılmış əsaslı təmir işləri zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində qeydə alınan qayda pozuntularının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərikimya” İB-nin içraçı direktorunun müavini Vüqar Kərimov hesabat dövründə mühəndis-texniki işçilər və fəhlələr arasında aparılan maarifləndirmə işlərindən danışıb. V.Kərimov vurğulayıb ki, təhlükəsizlik texnikası qaydalarınıa həsr olunmuş xüsusi təqdimatlar hazırlanaraq işçilərin nəzərinə çatdırılıb. Eyni zamanda, xüsusi komissiya tərəfindən işçilərin bu sahə üzrə bilikləri yoxlanılıb.
Bildirilib ki, təmirdən öncə müəssisələrdə texniki-təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə hər bir istehsalat sahəsində əməyin təhlükəsizliyinə cavabdeh olan məsul şəxslər müəyyənləşdirilib, təmirə cəlb olunan bütün işçilər təhlükəsizlik texnikası qaydaları üzrə təlimatlandırılıb, sex və istehsalatlarda təmir müddətində mümkün ola biləcək bütün təhlükə və risklər müəyyənləşdirilib. Bütün işçilər aidiyyəti üzrə fərdi mühafizə vasitələri ilə təmin olunub, xüsusi təhlükəli qurğularda işlər qəza-xilasetmə dəstələrinin və sənaye-sanitar laboratoriyasının nəzarəti altında aparılmaqla bu sahədə çalışacaq işçilərin təkrar tibbi müayinədən keçirilməsi təmin olunub.
Tədbirdə diqqətə çatdırılıb ki, təhlükəsizlik texnikası qaydalarını pozan mühəndis-texniki işçilərə və fəhlələrə qoruyucu kəmərdən, fərdi mühafizə vasitələrindən düzgün istifadə etmədiklərinə görə xəbərdarlıq talonları təqdim edilib, intizam tənbehi tədbirləri görülüb.