İQTİSADİYYAT


“Azəriqaz”: Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir

A+ A

Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC 

Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir.

Bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarını AZƏRTAC-a şərh edərkən deyib. Bildirib ki, son illərdə aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artaraq təqribən 2 milyon nəfərə çatıb. Cari ilə qədər qüvvədə olan tariflərə əsasən, ölkə daxilində təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib.

“2016-cı il ərzində “Azəriqaz” İB ciddi itkilərə məruz qalıb, istehsalat və paylayıcı şəbəkə üzrə xərclərin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib. Bu vəziyyətin əsas səbəblərindən biri də budur ki, ölkədə satılan təbii qazın müəyyən hissəsi hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır və sabit tarif əsasında Azərbaycan manatı ifadəsi ilə istehlakçılara satılırdı. Bu itkilər abonentlərə daha keyfiyyətli xidmətlərin təklif olunması üçün planlaşdırılan yenidənqurma, təmir-bərpa və sair kimi işlərin davamlılığını və bütövlüklə “Azəriqaz” İB-nin davamlı fəaliyyətini mümkünsüz edirdi. Bu səbəbdən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təbii qaz tariflərinə yenidən baxılmasına zərurət yaranmışdı”, - deyə İ.Kərbalayev əlavə edib.

Vurğulayıb ki, Tarif (qiymət) Şurasının qərarı ilə bu dəfə diferensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini öz-özlüyündə təqdirəlayiqdir. Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir: “Ümid edirik ki, diferensial mexanizm bununla yanaşı daha qənaətli istehlak rejiminə sövq etməklə, istehlak mədəniyyətində səmərəlilik və təhlükəsizliyin artmasına, habelə ətraf mühitin qorunmasına töhfə verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.