İQTİSADİYYAT
“Azəriqaz” beş ayda 28 yaşayış məntəqəsini qazlaşdırıb
Bakı, 12 iyun, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-may ayları ərzində 28 yaşayış məntəqəsinə təbii qaz verilib.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən cari ilin yanvar-may ayları ərzində 951,8 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 79,4 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Masallı və Ağstafa rayonları üzrə 28 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin olunub.