İQTİSADİYYAT
“Azəriqaz” bu il “ASAN xidmət” vasitəsilə 50 mindən çox istehlakçıya xidmət göstərib
Bakı, 10 iyun, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi yanvar-may ayları ərzində “ASAN xidmət” vasitəsilə 50 mindən çox istehlakçıya xidmət göstərib.
Birliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-may ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu informasiyalar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Bu ilin yanvar-may ayları ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Komunal” mərkəzlərinə, “Səyyar ASAN” vasitəsilə və 1, 2, 3, 4, 5 saylı, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə, ümumilikdə, 50 min 58 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.
İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəriqaz” bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.