İQTİSADİYYAT
“Azəriqaz”-in mütəxəssisləri üçün Beynəlxalq Enerji İdarəetmə sistemi üzrə kurs təşkil edilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsində “Azəriqaz” İstehsalat Birliyinin (İB) 23 mütəxəssisi üçün ISO 50001 “Beynəlxalq Enerji İdarəetmə sistemi” standartının tətbiqi üzrə kurs təşkil olunub.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kursda iştirakçılara sistemin mahiyyəti, üstünlükləri haqda ətraflı məlumat verilib, standartın bütün maddələri və müəssisələrdə tətbiqi məsələləri tədris edilib.
Bu standartın milli qanunvericilik aktlarına və normativ sənədlərə əsaslanaraq tətbiqi müəssisələrdə enerjinin səmərəli istifadəsi, israfçılığın qarşısının alınması, ətraf mühitin qorunması, baş verə biləcək bədbəxt hadisələr zamanı görüləcək işlərin qiymətləndirilməsi, eləcə də enerji resurslarının və enerjidən istifadənin məhsuldarlığının artırılması, elektrik təhlükəsizliyinin düzgün mənimsənilməsi baxımından mühüm əhəmiyyətə malikdir.