İQTİSADİYYAT
“Azəriqaz” yeddi ayda 37 yaşayış məntəqəsini qazlaşdırıb
Bakı, 9 avqust, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən bu ilin yanvar-iyul aylarında 37 yaşayış məntəqəsinə təbii qaz verilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2017-ci ildə də davam etdirilməkdədir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən cari ilin yanvar-iyul ayları ərzində 957,8 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 119,3 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində Goranboy, Ağcabədi, Bərdə, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 37 yaşayış məntəqəsi təbii qazla təmin edilib.