CƏMİYYƏT


“Azəriqaz”da İslam həmrəyliyi ilə bağlı yığıncaq keçirilib

Bakı, 2 iyun, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyində “İslam həmrəyliyinin təbliği və dini radikalizmin qarşısının alınması” mövzusunda yığıncaq keçirilib.

“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə birliyin baş direktoru Əkbər Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, şöbə rəisləri və şöbələrin əməkdaşları iştirak ediblər.

İlk öncə dini radikalizmdən bəhs edən qısametrajlı film nümayiş olunub.

Film bitdikdən sonra birliyin baş direktorunun ümumi məsələlər üzrə müavini Şəfiq Nemətov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, ölkəmizdə mövcud olan tolerantlıq, müxtəlif konfessiyaların, icmaların, xalqların və etnosların qarşılıqlı anlaşma şəraitində yaşaması bütün dünyaya nümunədir. Ş.Nemətov bildirib ki, Prezident İlham Əliyevin bu ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam aləmində həmrəyliyə, birliyə nail olmaqla yanaşı, beynəlxalq arenada sivilizasiyalar arasında həmrəyliyə də müsbət təsir göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğunu deyib. O bildirib ki, ölkə başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir. S.Heydərov qeyd edib ki, məqsədyönlü, düşünülmüş siyasətin nəticəsində tolerantlığın Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib.

S.Heydərov dövlət-din münasibətlərinin başlıca məqsədlərindən biri ölkədə mövcud olan tolerantlığın qorunması, müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirməsidir. O, həmçinin dini radikalizmin və ekstremizmin mahiyyəti, onlarla mübarizə yolları haqqında, eyni zamanda, görülən tədbirlərdən bəhs edərək, Azərbaycan dövlətinin tarixən ölkəmizdə mövcud olan və keçmişdən bizə miras qalan mütərəqqi dini ənənələrin yaşadılması və inkişafı ilə əlaqədar gördüyü işlər haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.