REGİONLAR
“Azərişıq” ASC Oğuz rayonunda yeni ofis binasını açıb
Bakı, 27 iyul, AZƏRTAC
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Oğuz rayonunda yeni ofis binasını açıb.
Azərbaycan Respublikası Prezidentinin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq, “Azərişıq” ölkənin bütün regionlarında olduğu kimi Şimal-Qərb bölgəsində də istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün istismar müddətini başa vurmuş elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma, təmir-tikinti və bərpa işlərini davam etdirir. Balakən, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala, Oğuz, Şamaxı rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) 8 rayon üzrə 471 kənd, 54 yaşayış məntəqəsi və 14 qəsəbəyə xidmət edir ki, burada da ümumilikdə 198 min abonent olmaqla 690 min əhali yaşayır.
Ofisin açılış mərasimində Azərişıq” ASC-nin sədr müavini Vüqar Əhmədov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ölkənin elektrik enerji təchizatında həyata keçirilən islahatlardan və yenidənqurma işlərindən danışaraq energetikləri təbrik ediblər.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Oğuz elektrik şəbəkəsinin (EŞ) ikimərtəbəli ofis binasında əməkdaşların operativ fəaliyyət üçün hər cür şərait yaradılıb. Burada abonentlərə xidmətin keyfiyyətinin artırılması, enerji satışı, qəza xidməti, müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.
Son iki ildə Oğuz EŞ-in xidməti ərazisində master-plana uyğun kifayət qədər yenidənqurma işləri həyata keçirilib. Hazırda 1 ədəd yeni 35/10 kVt-luq yarımstansiya inşa edilir və 31 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Göstərilən müddət ərzində 30 kilometr kabel, 22.6 kilometr naqil, 432 ədəd dayaq yenidən qurulub. Bu istiqamətdə 10-0.4 kV-luq şəbəkənin yenidən qurulması işləri aparılır. Hazırda isə Oğuz şəhəri, Calut, Malıx, Bucaq, Muxas, Daşağıl, Bayan, Qumlaq, Şirvanlı, Tayfılı, Hallavar, Ərmənət, Xal-xal, Xalxalqışlaq, Filfili, Xaçmaz, Xaçmazqışlaq kəndlərində yenidənqurma işlər davam etdirilir.
Turizm zonası sayılan Şimal-Qərb bölgəsində “Azərişıq” ASC yaradıldıqdan sonra müasir standartlara cavab verən 110/35/10 kV-luq “Bəhmədli”, “Cəfərabad” “Göynük” yarımstansiyaları istifadəyə verilib və “Qax” yarımstansiyasında işlər yekunlaşmaq üzrədir. 35/10 kV-luq yarımstansiyalar üzrə isə “Qəbələ”, “Zəyzid”, “Ulduz” yarımstansiyaları tikilib, “Oğuz”, “İlisu” “Yeni Basqal”, “Yeni Şamaxı” və “Qax-2” yarımstansiyalarında isə işlər başa çatır. Bundan əlavə, Şimal-Qərb RETSİ-nin xidməti ərazisində 287 ədəd yeni KTM quraşdırılıb. Region üzrə 298.049 kilometr özünü daşıyan izolyasiyalı naqil kabel, 307.243 kilometr naqil çəkilib, 26.137 ədəd yeni dayaq basdırılıb və dəyişdirilib. Şimal-Qərb RETSİ-nin 80-ə yaxın kənd və qəsəbələrində yenidənqurma işləri aparılıb və hazırda 75-dən artıq kənd və qəsəbədə işlər görülür. Səkkiz rayon üzrə ümumilikdə 17.225 ədəd yeni sayğac quraşdırılıb, 14.025 ədəd sayğac yenilənib. Ümumilikdə istismar müddətini başa vurmuş şəbəkələrdə görülən işlər nəticəsində texniki itkilər azalıb, elektrik enerjisinin yığımı artıb.
Son iki ildə Şimal-Qərb RETSİ üzrə Qəbələ, Şəki, İsmayıllı elektrik şəbəkələrinin yeni ofis binaları istifadəyə verilib, Qax, Zaqatala və Balakən rayonlarında isə yeniləri inşa olunur.