İQTİSADİYYAT
“Azərişıq” ASC bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Bakı, 23 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
“Azərişıq” ASC tərəfindən Qurban bayramı günlərində enerji istehlakçılarının, tədbirlərin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görüləcək. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin mərkəzi aparatı və Regional Enerji Təchizatı və Satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcək.
Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a bildirib ki, baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin olunacaq. Ölkə üzrə cəmiyyətin tabeliyində olan xidmət sahələrində və Avtonəqliyyat xidmətlərində növbətçilik təşkil edilib, zəruri olan mal-materialların, transformatorların ehtiyatı yaradılıb. Şəhərlərdə, rayon, qəsəbə və kəndlərdə yarana biləcək hər hansı problem ilə əlaqədar abonentlər 199 saylı telefonla ”Qəza Xidməti”nə məlumat verə bilərlər.