REGİONLAR
“Azərişıq” ASC cəbhə bölgəsində genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirir
Bakı, 1 iyul, AZƏRTAC
Füzuli rayonunda istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə son iki ildə master plana uyğun olaraq, genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Füzuli Elektrik Şəbəkəsinin xidməti ərazisində son iki ildə 20 ədəd 10/0,4 kilovoltluq (kV) müasir tipli komplekt transformator məntəqəsi quraşdırılıb.
Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlı kəndi də Füzuli Elektrik Şəbəkəsinin xidməti ərazisində yerləşir. Məhz Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8600 metr məsafədə yüksəkgərginlikli 35 kV-luq ikidövrəli elektrik xətti çəkilib, işğaldan azad olunan bu kənd ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq 2x6,3 MVA gücündə yeni yarımstansiya inşa edilib. Cocuq Mərcanlı kəndində özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) qurulan tam yeni 0,4 kV-luq şəbəkə yaradılıb. 2017-ci il ərzində 680 ədəd 0,4 kV-luq, 50 ədəd 10 kV-luq dayaq basdırılıb, 24 km ÖİN xətt çəkilib.
Qeyd edək ki, “Azərişıq” ASC fəaliyyəti dövründə 65 ədəd qüsurlu və zədələnmiş transformatorlar yenilənərək daha güclüləri ilə əvəz edilib, 370 ədəd 10 kV-luq, 1450 ədəd 0,4 kV-luq yeni dayaq basdırılıb, 43 min metr naqil yenilənib, 12,4 kilometr 35 kV-luq, 96,4 kilometr 10 kV-luq, 70,7 km 0,4 kV-luq hava xətləri və 31 kilometr ÖİN xətləri çəkilib. Enerji istehlakçıları tərəfindən əvvəllər müşahidə edilən israfçılıq halları aradan qaldırılıb.