İQTİSADİYYAT
“Azərişıq” ASC məcburi köçkünlər üçün qərargah yaradıb
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli müvafiq Fərmanına əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətləri və kommunal xidmətlər üzrə güzəştlər vahid aylıq müavinətlərlə əvəz edildiyini nəzərə alaraq, habelə köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasının qısa müddətdə təmin olunmasına dair verilmiş göstərişin operativ icrası məqsədilə “Azərişıq” ASC-də mərkəzi qərargah yaradılıb və Fərmanın icrasına başlanılıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə sayğac quraşdırılması işlərinin qısa müddətdə başa çatdırılması və bu sahədə koordinasiyalı birgə işin təşkili məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi strukturlarının və yerli icra orqanlarının nümayəndələrinin daxil olduğu Regional Enerji Təchizatı və Satışı İdarələrindəki işçi qruplarına öz fəaliyyətlərini mərkəzi qərargahla əlaqələndirməklə görülən işlərə dair mütəmadi məlumat verilməsi tapşırılıb.
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərin ləğv edilməsi ilə əlaqədar “Azərişıq” ASC-nin elektron məlumat bazasında müvafiq dəyişikliklər edilib, smart-kart istifadəçisi olan məcburi köçkünlər üçün müəyyən edilmiş 150 kVt/saat güzəştli limitin yüklənməsi dərhal dayandırılıb.
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması ilə əlaqədar yaranan hər hansı anlaşılmazlıq hallarının ərazi icra hakimiyyəti orqanlarının və onların məcburi köçkünlərlə iş üzrə nümayəndələrinin iştirakı ilə araşdırılmasına, bununla əlaqədar daxil olan şikayət və müraciətlərə dərhal baxılıb həll olunmasına dair ASC-nin aidiyyəti strukturlarının rəhbərlərinə ciddi göstərişlər verilib.
Qeyd olunan işlərin vaxtında başa çatdırılması məqsədilə tələb olunan sayda sayğacların və zəruri mal-materialların ehtiyatı yaradılıb, onların vaxtında ərazilərə çatdırılması üçün lazımi nəqliyyat vasitələri ayrılıb.
Məcburi köçkünlərin yaşadıqları binalarda fərdi sayğacların quraşdırılması prosesi mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılacaq.