İQTİSADİYYAT


“Azərkosmos” ASC Kanadanın MDA şirkəti ilə birgə radar təsvirlərinə dair seminar keçirib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Radar təsvirləri və onların tətbiq sahələri” mövzusunda seminar keçirilib. Kanadanın kommunikasiya və informasiya şirkəti olan MDA korporasiyası ilə birgə təşkil olunmuş seminarın məqsədi Yer səthinin radarla müşahidəsinin imkanlarını nümayiş etdirmək və qarşılıqlı müzakirə formasında yeni potensial tətbiq imkanlarını ortaya çıxarmaq olub.

ASC-dən AZƏRTAC-a bildirilib ki, seminarda MDA və “Azərkosmos”un mütəxəssisləri tərəfindən radar peyklərindən əldə olunan təsvirlər, peyk təsvirlərinin, ətraf mühitin monitorinqi və kənd təsərrüfatı üçün istifadəsi, radar təsvirləri vasitəsilə geoməkan tədqiqatları, ətraf mühitin, dənizdə neft çirklənməsinin monitorinqi, müdafiə və təhlükəsizlik, eləcə də təsvirlərin kəşfiyyat və hasilat zamanı istifadəsi mövzularında təqdimatlar və müzakirələr keçirilib. Müzakirələr zamanı, həmçinin radar və optik peyklərin təsvirlərinin birgə istifadəsi yolları nəzərdən keçirilib.

Potensial benefisiarların maarifləndirilməsi məqsədilə keçirilən seminarda Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Aeorokosmik Agentlik, Respublika Seysmoloji Xidmət Mərkəzi, Milli Aviasiya Akademiyası, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası, SOCAR, BP Azərbaycan və həmçinin peyk təsvirlərinin emalı ilə məşğul olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, keçən ilin oktyabrında MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan “Space Systems/Loral” (SSL) şirkəti “Azərkosmos” ASC tərəfindən Azərbaycanın sayca üçüncü, təyinatına görə isə ikinci telekommunikasiya peykinin istehsalçısı seçilib. Əməkdaşlıq çərçivəsində MDA korporasiyası “Azərkosmos”a özünəməxsus olan Radarsat peykləri vasitəsilə əldə olunmuş təsvirlər və onların emalı üzrə təcrübənin uzunmüddətli təlimlər formasında ötürülməsini də təmin edir ki, keçirilmiş seminar bu layihənin tərkib hissələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.