İQTİSADİYYAT
“Azərkosmos” ASC Livan yayım bazarına daxil olub
Bakı, 18 dekabr, AZƏRTAC
Livanda və Orta Şərqdə aparıcı televiziya stansiyalarından biri olan MTV Livan “Azerspace-1” telekommunikasiya peykindən qısamüddətli tutum istifadəsinə başlayıb.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq “Azərkosmos” ASC-yə Livanın telekommunikasiya bazarına daxil olmaq imkanı yaratdığı üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə MTV-nin ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Jan Tüfengi deyib: “MTV Livan “Azerspace-1 peykinin tutumlarından istifadəyə dair “Azərkosmos”la anlaşma imzaladığı üçün çox məmnundur. Hazırda “Azerspace-1” peykinin Asiya və Avropa şüaları vasitəsilə MTV-nin proqramları Körfəz ölkələri, Orta Şərq, Şimali Afrika və Avropa regionlarında yayımlanır. Həmçinin, MTV öz SNG (mobil televiziya stansiyası) avadanlığının və Uplink (peykə ötürülən siqnalın qaldırılması) xidmətlərinin idarəetməsini “Azərkosmos”a həvalə edib. Buna səbəb “Azərkosmos”un zəngin təcrübəsi, geniş və dəqiq peyk əhatə dairəsinin olmasıdır”.