İQTİSADİYYAT
“Azərkosmos” və Belarusun peyk operatoru BELİNTERSAT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 2 aprel, AZƏRTAC
Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkov və bu ölkənin Azərbaycandakı səfiri Nikolay Patskeviç “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) olublar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qonaqlara “Azərkosmos” ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklərin istehsalı, orbitə çıxarılması və sığortalanması, eyni zamanda, Azerspace-1 peykinin idarəolunması, şirkətin fəaliyyətinin kommersiya aspektləri, müştəri xidmətləri və peyk üzərindən yayımlanan kanallar barədə məlumat verilib. Binanın texniki infrastrukturu ilə tanış olan qonaqlar idarəetmə mərkəzini yüksək qiymətləndiriblər.
Görüşdə “Azərkosmos” və Belarusun peyk operatoru BELİNTERSAT arasında əməkdaşlığın perspektivləri, 2016-cı ildə orbitə qaldırılacaq BELİNTERSAT-1 peykini idarə edəcək operatorun formalaşdırılmasında “Azərkosmos”un təcrübəsindən yararlanmaq imkanları müzakirə olunub. Dostluq və qarşılıqlı anlaşma mühitində keçən görüşün sonunda nazirə Azerspace-1 peykinin modeli hədiyyə olunub.