MƏDƏNİYYƏT


Azərpaşa Nemət: Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı hələ davam edir

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət Xalq Artisti Fuad Poladovun teatrdan getməsinə münasibət bildirib. Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Teatrın direktoru deyib: “Oktyabrın 28-də mətbuata verdiyim açıqlamada qeyd etdiklərimi bir daha təkrar edirəm. Fuad Poladovun əsas iş yeri Dövlət Rus Dram Teatrıdır. O, Akademik Milli Dram Teatrında əvəzçilik üzrə çalışıb. Xalq Artisti teatrdan getmək haqqında qərar qəbul edibsə, bu haqda rəsmi şəkildə ərizə yazmalıdır. Həmin ərizə bizə təqdim edilməyib. Bu məntiqlə çıxış etsək, Fuad Poladovun Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı hələ də davam edir. Mənim Fuad Poladova münasibətim bəllidir, onu görkəmli sənətkar kimi hər zaman yüksək qiymətləndirmişəm. O, mənim quruluş verdiyim “Hamlet”, “Şah Qacar”, “Afinalı Timon” və “Boy çiçəyi” tamaşalarımda dublyorsuz oynayıb. Bu, mənim Fuad Poladova münasibətimin göstəricisidir. Eyni zamanda, həmin tamaşalar mədəni ictimaiyyət tərəfindən həm sənət faktı, həm rejissor işi, həm də aktyor oyunu kimi yüksək qiymətləndirilib. Yeri gəlmişkən, onu da deyim ki, “Afinalı Timon” tamaşasını Fuad Poladovun 60 illik yubileyinə hədiyyə kimi hazırlamışdım. Bu fakt da mənim Fuad Poladova münasibətimin göstəricisidir. Əgər Fuad Poladov bizimlə işləmək istəmirsə, ona yalnız uğurlar arzu edə bilərəm. Qeyd etmək yerinə düşər ki, Akademik Milli Dram Teatrının kollektivinin də Fuad Poladova münasibəti hər zaman yüksəkdir, ona hörmətlə yanaşırlar. Baş verənlərə baxmayaraq, Akademik Milli Dram Teatrı öz fəaliyyətini davam etdirir, kollektiv yüksək əhvali-ruhiyyədə yeni tamaşalar üzərində çalışır. 144 illik şərəfli tarixə malik teatrımız Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu mədəniyyət siyasətinə öz töhfəsini verməyə çalışır və bu, hər zaman belə olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.