İQTİSADİYYAT
“Azərpoçt” MMC: Poçt xidmətlərinin inkişafı elektron ticarətlə bağlıdır
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan əhalisinin internet vasitəsilə alış-verişinin xeyli dərəcədə çoxalması daxil olan beynəlxalq poçt göndərişlərinin, xüsusilə də kiçik paketlərin sayının artmasına gətirib çıxarıb. Son üç ildə beynəlxalq kiçik paketlərin həcmində hər il əvvəlki illə müqayisədə 50 faizdən çox artım müşahidə edilib.
Bu barədə AZƏRTAC-a “Azərpoçt” MMC-dən məlumat verilib.
Qeyd olunub ki, müasir informasiya texnologiyalarının tətbiqi poçtun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da fiziki poçt xidmətlərinin inkişaf perspektivi birbaşa elektron ticarətlə bağlıdır. Sifarişin verilməsi və onun haqqının ödənilməsi internet vasitəsilə aparılsa da, sifariş olunmuş malın ünvana çatdırılması poçt vasitəsilə həyata keçirilir. Ölkədə elektron ticarətin inkişafı, bu sahədə vətəndaşların rahatlığının təmin edilməsi və maddi maraqlarının qorunması istiqamətində Azərbaycan hökuməti tərəfindən mühüm addımlar atılıb. Elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq üçün müvafiq gömrük qaydaları yenidən işlənilib. İnternet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də "SMS-bildiriş" xidməti göstərilir. Daxil olan beynəlxalq poçt göndərişinin üzərində alıcının telefon nömrəsi varsa həmin nömrəyə "SMS-bildiriş" göndərilir. Bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir. Bu xidmətin tətbiqi artıq öz müsbət nəticəsini verib. Beynəlxalq kiçik paket və bağlamaların çatdırılması xeyli dərəcədə sürətlənib.