İQTİSADİYYAT
“Azərpoçt”un 2,5 min əməkdaşı elektron tədris vasitəsilə təlimdən keçib
Bakı, 10 oktyabr, AZƏRTAC
“Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə poçt şöbələrinin əməkdaşlarının hazırlıq və ixtisasartırma prosesi tam şəkildə elektron tədris vasitəsilə həyata keçirilir.
Hazırda poçt şöbələrində çalışanların biliklərinin artırılması üçün 19 elektron təhsil kursu işlənib hazırlanıb. Tədris “SİNAM” şirkətinin təqdim etdiyi CLIX sistemi ilə həyata keçirilir. “SİNAM” şirkəti bu tədris prosesinə həm də texniki dəstək göstərir.
MMC-dən AZƏRTAC-a verilən məlumata görə, distant kurslar “Azərpoçt” şöbələrində əhaliyə əməliyyat xidmətlərini göstərmək üçün tam biliklər paketini daxil edir. Əməliyyatçılar müştərilərlə ünsiyyət qaydalarını, biznes-etikanı və s. öyrənirlər. Bundan əlavə, “Microsoft”un ofis proqramlarının istifadəsi üçün də nəzərdə tutulan bir neçə kurs hazırlanıb.
Tətbiq edilmiş model çərçivəsində bütün əməkdaşlar tədris kurslarını distant, yəni iş yerini tərk etmədən və uyğun bir vaxtda keçə bilərlər. Biliklərin sınağı “Azərpoçt”un baş ofisində onlayn rejimdə nəzarətçilərin iştırakı ilə həyata keçirilir. Artıq 2,5 mindən çox əməkdaş elektron tədris kurslarından keçib.
Yaxın zamanlarda “Azərpoçtun”un regional şöbələrinin də əməkdaşları öz ixtisaslarını qeyd olunan elektron təhsil sisteminin yardımı ilə artıracaqlar.