İQTİSADİYYAT
“Azərpoçt”un ölkədə maliyyə xidmətləri bazarının 5 faizinə sahib olacağı proqnozlaşdırılır
Bakı, 23 may, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Mərkəzi Banka təkliflər paketi təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Dünya Bankı “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsini davam etdirməyi təklif edib. Azərbaycan hökumətinin qərarından asılı olaraq “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsinin növbəti mərhələsində “Azərpoçt” tərəfindən kreditlərin verilməsi prosesinin təşkili mümkün ola bilər. Bu məqsədlə müvafiq təkliflər hazırlanıb.
Kreditlərin verilməsi və depozitlərin qəbulu xidmətlərinin göstərilməsi qanunvericilikdə tətbiq olunacaq dəyişikliklərlə bağlıdır. Gələcəkdə Milli poçt operatorunun ölkənin maliyyə xidmətləri bazarının 5 faizinə sahib olacağı proqnozlaşdırılır.
Azərbaycanda 43 bankın, yəni olduqca böyük rəqabətin olmasını nəzərə alaraq, poçt sektorunun ümumi maliyyə xidmətləri bazarındakı payının məhz bu qədər təşkil etməsi artıq nailiyyət sayıla bilər.