İQTİSADİYYAT
“Azərsu” ASC Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilib
Bakı, 26 noyabr, Elvin Camalov, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Dünya Su Şurasının (DSŞ) İdarə Heyətinə üzv seçilib.
AZƏRTAC xəbər verir ki, bu haqda “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini Adışirin Ələkbərov mətbuat konfransında deyib.
Onun sözlərinə görə 2015-ci il noyabrın 12-14-də Fransanın Marsel şəhərində DSŞ-nin 7-ci Baş Assambleyası keçirilib və Baş Assambleyada dünyada su siyasətinin əsas istiqamətləri, mövcud vəziyyət və perspektivlər, növbəti 3 il üzrə fəaliyyət strategiyası, iş planı, maliyyə məsələləri, DSŞ Konstitusiyasına dəyişikliklər barədə müzakirələr aparılıb. Şuranın İdarə Heyətinə seçkilər keçirilib.
Seçkilərdə ABŞ, Fransa, Braziliya, Türkiyə, Yaponiya, Koreya, Macarıstan və digər ölkələri təmsil edən dövlət və hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiyini bildirən A.Ələkbərov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun böyük səs çoxluğu ilə DSŞ İdarə Heyətinə üzv seçildiyini qeyd edib.
“Azərsu” ASC İdarə Heyətinə üzv olmaqla bir sıra problemlərin həllinin təmin edilməsinə səy göstərəcək. Tək ölkəmizdə deyil, dünyanın da su siyasətinin istiqamətləndirilməsində Azərbaycanın rolu olacaq. Sudan istifadənin su ehtiyatlarını üstələməsinə yol verilməməsi, istifadə edilmiş suyun dərin təmizləmə texnologiyaları ilə yararlı vəziyyətə gətirilməsi və təkrar istifadəsi, su ehtiyatlarının formalaşdığı çay hövzələrinin deqradasiyasının qarşısının alınması, su ehtiyatlarının daha dəqiq qiymətləndirilməsi, daha mükəmməl sugötürücü qurğuların tətbiqi, “yuxarı axın” ölkələri və “aşağı axın” ölkələrinin qarşılıqlı maraqlarının təmin edilməsi və digər aktual problemlərin həll edilməsi yönündə təkliflərimizi hazırlayacağıq”, - deyə Adışirin Ələkbərov vurğulayıb.
Assambleya çərçivəsində İdarə Heyətinə yeni seçilmiş üzvlər ilə görüşdə “Azərsu” ASC-nin fəaliyyəti barədə də məlumat verilib.
Dünya Su Şurası qlobal miqyasda su problemlərinin həlli məqsədi ilə 1996-cı ildə yaradılıb. Mənzil qərargahı Fransanın Marsel şəhərində yerləşən qurumda 51 ölkədən və 24 beynəlxalq təşkilatdan olan 350 üzv təmsil olunur. 2013-cü ildən DSŞ-yə üzv olan “Azərsu” ASC ilə yanaşı, Meliorasiya və Su Təsərrüfatı ASC, su sektoru ilə əlaqədar bir sıra digər Azərbaycan təşkilatları da Şurada təmsil olunur.