İQTİSADİYYAT
“Azərsu” ASC işçilərin istirahətlərinin səmərəli təşkili istiqamətində tədbirlər keçirir
Bakı, 29 avqust, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində işçilərin yay mövsümündə istirahətlərinin səmərəli təşkili istiqamətində bir sıra mədəni və istirahət xarakterli tədbirlər keçirilir. “Azərsu” ASC və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbirlər planına əsasən Cəmiyyətin idarə və təşkilatlarında çalışan işçilər və onların ailə üzvləri ölkəmizin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə göndərilirlər.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, təsdiq olunmuş qrafikə əsasən, 2015-cü ilin yay mövsümü üçün iyun ayından yollayışların verilməsinə başlanılıb. İyun, iyul və avqust aylarında “Azərsu” ASC-nin idarə və müəssisələrində çalışan işçilər və onların ailə üzvləri Xaçmaz, Qusar, İsmayıllı və Naftalandakı istirahət və müalicə mərkəzlərinə göndəriliblər. Ümumilikdə 2361 nəfər bu imkandan yararlanıb.