CƏMİYYƏT
“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası: suyun göstəriciləri beynəlxalq standartlara cavab verir
Bakı, 24 aprel, G. Mahmudlu, AZƏRTAC
2013-cü il sentyabrın 16-da Prezident İlham Əliyevin iştirakı ilə regionun ən müasir Avropa standartlarına cavab verən su laboratoriyası olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyasının yeni binasının açılışı olub. Aparılan analizlər zamanı Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin tanınmış şirkətlərinin cihazları və beynəlxalq metodlardan (İSO, EPA, SM, ASTM) istifadə olunur.
Laboratoriyada içməli və tullantı sularının fiziki-kimyəvi və mikrobioloji analizləri beynəlxalq tələblərə uyğun aparılır. Nümunələrin götürülməsi müvafiq dövlət strukturları ilə razılaşdırılmış plan qrafiklərinə uyğun şəkildə həyata keçirilir. Əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən fasiləsiz içməli su ilə təminatı üçün standartlaşdırılmış beynəlxalq metodların tətbiqi nəticəsində zəruri göstəricilərin qiymətləri mütəmadi olaraq müəyyən edilir.
Bu barədə AZƏRTAC-a “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev məlumat verib.
O qeyd edib ki, ABŞ-ın “Agilent” şirkətinin istehsal etdiyi son model induktiv əlaqəli plazma kütlə spektrometrinin (İCP MS) köməyi ilə içməli suda 33 ağır metal, ion xromatoqrafiyasında isə su üçün xarakterik olan anion və kationlar təyin olunur. Laboratoriya dünyada ən çox tətbiq olunan xromatoqrafiya cihazları ilə təchiz edilib. Yeni və müasir maye və qaz xromatoqrafiya cihazlarında kənd təsərrüfatında istifadə olunan və kanserogen təsirə malik üzvi maddələrin sudakı qalıqları müəyyənləşdirilir. Mikrobioloji analizlər şöbələrində içməli və tullantı sularının tərkibində olan xəstəliktörədici bakteriyaların təhlili Dünya Səhiyyə Təşkilatı və Avropa standartlarının tələblərinə uyğun aparılır.
2014-cü ildə laboratoriyanın Latviya Milli Akkreditasiya bürosunun İSO 17025 standartının sertifikatını alması aparılan analizlərin nəticələrinin beynəlxalq miqyasda tanınmasına imkan verib. Ona görə də laboratoriya dünya təcrübəsini əsas tutaraq hər il beynəlxalq səriştəlilik testi proqramlarına qoşulur. Laboratoriyanın 2017-ci ildə qoşulduğu ilk səriştəlilik test proqramı Amerikanın “ERA” şirkətinın təşkil etdiyi proqram olub. Nəticədə Mərkəzi Laboratoriyanın tullantı sularında aparılan mikrobioloji analizləri 356 dünya laboratoriyaları arasında yüz faizli nəticə göstərərək fərqlənmə sertifikatı ilə təltif edilib.
Respublikamızın regionlarında səyyar analizlərin aparılması üçün 6 səyyar laboratoriya fəaliyyət göstərir.
Mərkəzi Laboratoriyanın işçi heyəti Türkiyə, Almaniya, İsveçrə, Latviya, İngiltərə, Fransa və digər ölkələrdə keçirilən təlim və seminarlarda mütəmadi olaraq iştirak edir. 2017-ci ildə Mərkəzi Laboratoriya Almaniyanın Fiziki–Texniki İnstitutu tərəfindən 2014-2018-ci illər ərzində Cənubi Qafqaz ölkələrinin laboratoriyalarına beynəlxalq səviyyədə tanınmış xidmətlər göstərmək məqsədilə nəzərdə tutulan layihə proqramına qoşulub.
Hazırda laboratoriyada içməli su üzrə 84 tullantı su üzrə 84, ümumilikdə, 138 göstərici təyin edilir.
Mərkəzi laboratoriyanın personalı və rəhbərliyi sınaqların dəqiqliyinə və tərəfsizliyinə olan inamı azaldacaq hər hansı bir fəaliyyətdə olmamaq prinsipini əsas tutur.