İQTİSADİYYAT
“Azərsu” ASC-nin abunəçilərinin sayı 0,7 faiz artıb
Bakı, 5 may, AZƏRTAC
2016-cı ilin birinci rübündə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abunəçilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 9850 və ya 0,7 faiz artıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 1-nə ölkə üzrə 1 milyon 387 min 096 abunəçi su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 330 min 979-u və ya 95,9 faizini əhali, 56 min 117 və ya 4,1 faizini isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir.
Yanvar-mart ayları ərzində abunəçi sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması, içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.
Aprel 1-nə “Azərsu” ASC-nin ölkə üzrə su təchizatı xidməti göstərdiyi əhali qrupu abunəçilərinin 61,7 faizi, qeyri-əhali qrupuna aid abunəçilərin isə 80,3 faizi sayğacla təmin olunub. Bütün abunəçi qrupları üzrə sayğaclaşma səviyyəsi 62,5 faizə yüksəlib.