ELM VƏ TƏHSİL
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Bakı Dövlət Universitetinin kafedrasının filialı açılıb
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) hidrometeorologiya kafedrasının “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun nəzdindəki filialının açılış mərasimi olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov universitet ilə “Azərsu” ASC arasında “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” imzalanmış memorandum əsasında filialın fəaliyyətə başlamasını yüksək dəyərləndirib. Vurğulanıb ki, filialın yaradılmasının əsas məqsədi BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Həmçinin müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilmələri və birgə elmi tədqiqatların aparılması da əsas məqamlardandır.
Filialın yaradılmasının əhəmiyyətindən danışan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov diqqətə çatdırıb ki, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu yaşayış məntəqələrinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, yenidən qurulması üçün müvafiq layihələrin, texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında, tikinti üçün kompleks mühəndis axtarışlarının, sahə üzrə elmi-tədqiqat və tədqiqat işlərinin aparılmasında aparıcı elmi-tədqiqat və layihə təşkilatıdır. Burada BDU-nun hidrometeorologiya kafedrasının filialının fəaliyyətə başlaması həm tələbələrin təcrübi biliklərinin genişləndirilməsi, həm də institutda çalışan gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə onların universitetin alimləri tərəfindən təşkil olunmuş kurslarda və təlimlərdə iştirakları baxımından faydalıdır.