İQTİSADİYYAT
“Azərsu” Bakıda kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsinə start verib
Bakı, 2 iyun, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn vəzifələrin icrasına başlayıb.
Sərəncama əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına Abşeron yarımadasının müxtəlif ərazilərində 13 layihənin həyata keçirilməsi nəzərdə tutulub. Artıq layihələr üzrə tikinti-quraşdırma işlərinə başlanılıb. “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bildirib ki, bu layihələr hazırlanarkən intensiv yağıntılar zamanı subasma hallarının baş verdiyi kritik ərazilər müəyyənləşdirilib: “Bakı şəhərinin bəzi ərazilərində yağış və kanalizasiya infrastrukturunun olmaması intensiv yağıntılar zamanı problemlər yaradırdı. Subasma hallarının aradan qaldırılması məqsədilə “Azərsu” ASC tərəfindən mütəmadi profilaktiki tədbirlər görülsə də, kompleks layihələrin reallaşdırılmasına ehtiyac var. Bu baxımdan aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə subasma halları daha çox müşahidə olunan ərazilər, su yığılmalarının səbəbləri araşdırılıb və problemin həlli yolları müəyyənləşdirilib. Eyni zamanda, Abşeron yarımadasında bir sıra göllərin su səviyyəsinin tənzimlənməsi nəzərə alınıb”.
Qısa müddətdə səhmdar cəmiyyətin mütəxəssisləri tərəfindən layihələr hazırlanıb və inşaat işlərinə başlanılıb. Bu layihələr arasında göllərin su səviyyəsinin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.
İntensiv yağıntılar zamanı suyun səviyyəsi artaraq subasma halları baş verən göllərdən biri də Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən eyniadlı göldür. Səhmdar cəmiyyətinin sifarişi əsasında göldə su səviyyəsinin tənzimlənməsi üçün 1000-1200 millimetr diametrli borularla ümumi uzunluğu 4,7 kilometr olan kollektorun tikintisinə başlanıb. Kollektorun göldən açıq kanala qədər olan hissəsi qısa müddətdə tikilərək istismara verilib. Göldə suyun səviyyəsi azaldıqdan sonra kollektor gölün içərisinə doğru daha 200 metr məsafədə uzadılacaq və burada sugötürücü kamera tikiləcək.
Eyni zamanda, Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi layihəsi çərçivəsində 1,4 kilometr uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Bu layihə çərçivəsində digər infrastrukturların yaradılması işləri həyata keçirilir.
Cari ilin payız mövsümünə qədər layihələr üzrə nəzərdə tutulmuş işlərin başa çatdırılması planlaşdırılır. Bu layihələrin icrası nəticəsində subasma təhlükəsi olan ərazilərdə su yığılmalarının qarşısı alınacaq, göllərin daşması və yaşayış evlərinə ziyan vurması kimi təhlükələr aradan qaldıracaq.