İQTİSADİYYAT


“Azərsu” daha bir elektron xidmətini tətbiqinə başlayıb

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

“Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması” elektron xidmətinin göstərilməsinə başlanılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur. İndiyədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər. Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq.

Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra borcun olmaması barədə arayışı www.azersu.az saytı və www.e-gov.az portalından istifadə etməklə əldə edə bilərlər. ( www.azersu.az saytı www.e-gov.az portalına inteqrasiya olunmuşdur).

Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi www.e-gov.az portalının “bütün xidmətlər” bölməsində “Azərsu” ASC-ni, daha sonra “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış alınması” elektron xidmətini seçir. Növbəti mərhələdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş “Elektron imza” kartı, “Asan İmza” və ya “Elektron Hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş istifadəçi adı və şifrə ilə sistemə daxil olub xidmətdən istifadə edə bilər.

Bunun üçün ilk növbədə abonent kodu daxil edilir, daha sonra şəxsiyyət vəsiqəsinin pin kodu, əlaqə vasitələri, obyektə aid sənədlər (skan olunmuş, pdf və s. formatda) sistemə yüklənir və müraciət edilir.

Müraciət qeydiyyata alındıqdan 3 iş günü ərzində icra ediləcəyi barədə abunəçinin elektron ünvanına məlumat göndərilir. Sonrakı mərhələdə müraciət cəmiyyətin müvafiq struktur vahidinə yönləndirilir. Operativ qaydada abunəçinin sayğacına yerində baxış keçirilir və ya onun ailə tərkibi dəqiqləşdirilir.

Müraciətin icrası tamamlandıqdan sonra abunəçinin elektron ünvanına borcun olub olmaması haqda məlumat göndərilir. Əgər abunəçinin borcu varsa tam ödəniş aparıldıqdan sonra, borc olmadığı təqdirdə isə “Göndərilən müraciətlər” bölməsindən arayışı əldə edə bilər.

Müraciətlərin nəticəsi abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırıldığından göstərilən elektron ünvanlar doğru və aktiv istifadədə olmalı, şəxsi və mənzil haqqında düzgün məlumatlar sistemə daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılacaqdır.

“I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış”ın alınması elektron xidmətindən istifadə ödənişsizdir.

Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən bir sıra xidmətlər elektron qaydada göstərilir. İstehlakçılar internet vasitəsilə borcları haqda məlumat ala, abonent məlumatlarını dəyişdirə bilərlər. Bununla yanaşı, borcların internet və ödəmə terminalları vasitəsilə ödənilməsi, I qrup istehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin alınması, “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abunəçiyə məlumatların verilməsi elektron xidmətlər vasitəsilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.