REGİONLAR


“Azərxalça”nın Şəmkir filialı mart ayının sonunda fəaliyyətə başlayacaq

Bakı, 7 fevral, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikanın ayrı-ayrı rayonlarında təşkil etdiyi xalçaçılıq üzrə tədris-hazırlıq kursları davam edir. Bu günlərdə “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov cəmiyyətin Şəmkir rayonunda fəaliyyət göstərən tədris-hazırlıq kursunun toxucuları ilə görüşüb.

“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə bir sıra mühüm təşkilati işlər, kadr məsələləri müzakirə edilib, toxucuların bacarıqları, onların istehsalat təcrübəsi yoxlanılıb.

Qeyd edək ki, ötən ilin avqust ayında fəaliyyətə başlamış kursda indiyədək rayonun müxtəlif kəndlərindən, həmçinin Şəmkir şəhərindən 120-yə yaxın toxucu hazırlıq keçib. Onlar Azərbaycan xalçaçılıq sənətinə dair nəzəri və praktiki biliklər qazanıb, qədim xalça çeşniləri əsasında xalça toxumaq vərdişlərinə yiyələniblər.

Şəmkirli toxuculardan gözləntilərinin böyük olduğunu bildirən Vidadi Muradov deyib: “Şəmkir Gəncəbasar bölgəsinin zəngin xalçaçılıq ənənələrinə malik rayonlarından biridir. Burada bir çox kəndlərdə tarixən xalçaçılıqla yanaşı, boyaqçılıq sənəti, xalça ticarəti işi də geniş miqyas alıb. “Azərxalça”nın Şəmkir rayon filialının, o cümlədən burada tədris-hazırlıq kurslarının təşkili də bu ənənələrin uğurlu davamı olacaq. Kurslarda peşəkar xalçaçılar, xalça rəssamları toxuculara Azərbaycan xalçalarının bütün qruplarına aid nümunələr, xüsusilə qədim Gəncəbasar çeşniləri əsasında xalçaların rəng və naxış xüsusiyyətlərini, toxuma texnologiyasını tədris ediblər. Nəticə qənaətbəxşdir. Hazırda “Azərxalça”nın Şəmkir filialının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Hesab edirik ki, bu toxucular mart ayının sonlarında işə başlaması nəzərdə tutulan Şəmkir filialında uğurla fəaliyyət göstərə biləcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.