İDMAN
“Azəryol” voleybol komandası üçün Qafqaz bəbiri
Sürətli və davamlı sosial-iqtisadi inkişaf nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu turnirlərə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Son illər idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Ölkəmizdə idmanın daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin ardıcıl həyata keçirilməsi nəticəsində müasir maddi-texniki bazaya malik idman infrastrukturu yaradılıb, idmanın inkişafı ilə bağlı Dövlət proqramları qəbul olunub, idmançıların sosial problemlərinin həlli ilə bağlı mühüm tədbirlər həyata keçirilməyə başlanıb. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar bunun əyani təsdiqidir.
Hazırda Azərbaycanda 41 Olimpiya-İdman Kompleksi fəaliyyət göstərir. Ölkədə yeni idmançılar nəslinin yetişməsini, idmanın kütləviliyinin təmin olunmasını qarşıya əsas məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarıb. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman aləmində yetərincə nüfuz qazanması ilə nəticələnib.
Məhz bu səylərin nəticəsində Azərbaycanın bu sahədə qazandığı uğurlar beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Şahmat Olimpiadası, futbol üzrə Avropa çempionatı kimi mötəbər idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır. Azərbaycanın mötəbər tədbirlərə ev sahibliyi etməkdə zəngin təcrübəyə, güclü maddi–texniki bazaya, kadr potensialına malik olması ölkəmizin bu nüfuzlu idman yarışlarını yüksək səviyyədə təşkil edəcəyini indidən söyləməyə əsas verir.
Azərbaycanın idman şərəfini layiqincə qoruyan kollektivlərdən biri də Bakının “Azəryol” qadın voleybol komandasıdır. Dövlətimizin başçısının Azərbaycanda idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğı zəngin ənənələri və çoxsaylı nailiyyətləri olan ölkə voleybolunda, o cümlədən Bakının “Azəryol” qadın voleybol klubunun fəaliyyətində də aydın hiss olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il dekabrın 21-də Bakıda “Azəryol” klubunun inzibati binası, voleybol meydançası və “Azəryol” otelinin istifadəyə verilməsi mərasimində iştirakı bu diqqət və qayğının göstəricisidir.
Heyətini gücləndirməkdə davam edən “Azəryol” qadın voleybol klubu yeni mövsüm üçün ictimaiyyətə təqdim olunub. Çempionlar Liqasında mübarizə aparacaq komandanın təqdimat mərasimində klubun yeni himni, talismanı, loqotipi və forması nümayiş etdirilib.
Talismanı Qafqaz bəbiri olan komandanın gerbində də bu heyvan əks olunub. Gerbi sarı, ağ və qara rənglərdən ibarət olan “Azəryol”un forması isə xüsusi dizaynla hazırlanıb.
Mərasimdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. O, cari mövsümdə Çempionlar Liqasında və Azərbaycan çempionatında mübarizə aparacaq komandaya uğurlar arzulayıb və ölkəmizdə idmanın bu növü üzrə həyata keçirilən layihələr barədə məlumat verib.
“Azəryol” voleybol klubunun prezidenti Cavid Qurbanov komandanın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətini uğurla həyata keçirir. Ölkəmizin “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün ciddi hazırlaşdığını bildirən C.Qurbanov komandanın beynəlxalq arenada yüksək əyarlı medallar uğrunda mübarizə aparacağını diqqətə çatdırıb.
Sonra tədbir şaolin idmançılarının, bədii gimnastların nümunəvi çıxışları və konsert proqramı ilə davam edib.
Mərasimdən sonra “Azəryol” kollektivi ölkəmizdə qonaq olan “Dinamo” (Krasnodar) komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan voleybolunun keyfiyyət və peşəkarlıq ünvanına çevrilmiş bu klub artıq nəinki ölkəmizdə, həm də onun hüdudlarından kənarda böyük azarkeş auditoriyası toplayaraq adını ən mötəbər turnirlərin mükafatçıları sırasına yazmağı ənənə halına gətirib. Kollektivin nümayiş etdirdiyi əzmkarlıq daha böyük uğurların o qədər də uzaqda olmadığını deməyə əsas verir.