İQTİSADİYYAT
“Azəryolservis” ASC payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər görür VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərə xidmət məqsədi ilə “Azəryolservis” ASC tərəfindən 382 ədəd, respublika yollarına isə 659 ədəd yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq-sürtgü materialları ehtiyatı toplanır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu tədbirlər 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir. Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması ilə bağlı tədbirlər görülür. Bu məqsədlə yaxın günlərdə 1500 ton texniki duzun alınması ilə bağlı müqavilə imzalanıb.
Payız-qış mövsümünə hazırlıq çərçivəsində yol qurğularının normal istismarı, körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi, həmçinin avtomobil yollarının cari təmiri, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri də davam etdirilir.