İQTİSADİYYAT
“Azəryolservis” ASC sürücülərə müraciət etmişdir VİDEO
Bakı, 16 yanvar (AZƏRTAC). Paytaxtın Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Böyükşor qəsəbəsinə qədər olan hissəsində yol qovşaqları, piyada keçidləri və yolun əsaslı təmir işləri aparılır.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla əlaqədar sürücülərə müraciət etmişdir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, həmin ərazidə yol qovşaqlarında işlərin 85 faizdən çoxu yerinə yetirilmişdir. Son günlər işlər daha da sürətləndirilmişdir. Lakin sürücülər avtomobillərini yolun kənarında saxladıqları üçün ərazidə təmir işlərini aparmaq xeyli çətinləşmişdir.
İşlərin 24 saat fasiləsiz aparıldığını deyən P.Mürsəliyev qeyd etmişdir ki, bunu nəzərə alaraq sürücülərdən yolun sağ və sol hissəsində nəqliyyat vasitələrinin saxlanılmaması xahiş olunur. Əgər belə hallar baş verərsə, nəqliyyat vasitəsi oradan cərimə meydançasına aparılacaqdır.