İQTİSADİYYAT


Azexport 4,6 milyon dollarlıq ixrac sifarişi alıb

Bakı, 1 fevral, AZƏRTAC

Azexport.az portalına 2017-ci ilin yanvar ayı ərzində yerli məhsulların ixracı üçün müxtəlif ölkələrdən 4 milyon 630 min ABŞ dolları dəyərində sifariş daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, bu təkliflər əsasən Rusiya, Türkiyə, İraq, Bolqarıstan, Liviya, Moldova və digər ölkələrdəndir.

Bolqarıstan 4 min ton qırmızı mərci sifariş edib. Bu sifarişin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır. Bolqarıstandan daha bir sifariş 10 ton fındıq ləpəsinədir. Bu satışdan qazanılacaq məbləğ 80 min ABŞ dollarıdır.

İraq və Liviyadan ümumi həcmi 300 ton miqdarında makaron məmulatlarına sifariş daxil olub. Bu sifarişin məbləği 180 min ABŞ dollarıdır.

Türkiyə, İraq, Liviya, Qana və Nigeriyadan ümumi həcmi 180 ton ixrac üçün toyuq əti sifariş olunub. Bu sifarişin ümumi dəyəri 350 min ABŞ dollarıdır.

Moldovadan 20 min ədəd limonad sifarişi daxil olub ki, bu sifarişin də ümumi dəyəri 20 min ABŞ dollarıdır. Bundan başqa Rusiyadan kosmetik şirkətin, şərab məhsullarının distribüterliyi üçün təklif gəlib. Hazırda istehsalçı şirkətlər qiymət və məhsul nümunələrini qarşı tərəfə göndərib.

Azexport.az vasitəsilə Fransadan nar şirələrinin distribüterliyi üçün sifariş daxil olub. Bunun üçün 10-dan çox nümunə artıq Fransaya göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.