İQTİSADİYYAT
Azexport Şərqi Asiya və ərəb ölkələri bazarlarına inteqrasiya olunub
Bakı, 15 fevral, AZƏRTAC
Azexport.az portalı dünyanın daha iki böyük ticarət portalına inteqrasiya olub. Bunlardan biri Şərqi Asiya ölkələrinə ixrac potensialı daha güclü olan EC21.com portalıdır. Dünyanın böyük qlobal B2B portallarından biri olan Tradekey.comda hər gün milyonlarla satış həyata keçirilir. Portalın məlumat bazasında 1,5 milyon şirkət nümayəndəsi, 3 milyon məhsul və 3 milyon qeydiyyatdan keçmiş alıcısı var.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azexport.az portalının inteqrasiya olunduğu digər - Tradekey.com portalı ərəb ölkələrinə olan ixrac potensialını ələ alan beynəlxalq platformadır. 2005-ci ildə fəaliyyətə başlayan bu şirkət, dünyanın 220 ölkəsindən alıcı və satıcıları bir araya toplayan qlobal B2B platformadır. Həmçinin dünyada ISO sertifikatları ilə təsdiq olunmuş ilk biznes portalı olaraq, beynəlxalq keyfiyyət standartları və müştəri məlumat və data bütövlüyü təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir.