İQTİSADİYYAT
“Azexport.az” portalı İtaliyada təqdim olunub
Bakı, 27 mart, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalı İtaliyanın Toskana və Lombardiya əyalətlərində ümumilikdə 200 mindən artıq iş adamlarını özündə birləşdirən 10-dan artıq təşkilat, birlik və assosiasiyalara təqdim edilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, portalın rəhbəri Zaur Qardaşov İtaliyaya səfəri çərçivəsində "Azexport.az" portalının fəaliyyəti ilə bağlı bir neçə əməkdaşlıq razılaşması əldə edib. Zaur Qardaşov Florensiya və Milan şəhərlərində İtaliya Sənaye Ticarət Palatasının və İtaliya Fermerlər Assosiasiyasının regional nümayəndəliklərinə, sertifikatlaşdırma şirkətlərinin nümayəndələrinə portalla bağlı geniş məlumatlar təqdim edib.
Eyni zamanda, Toskana və Lombardiya əyalətlərində kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması və müstəqil laboratoriyaya səfərlər təşkil edilib, qurumun işi ilə tanışlıq olub. Laboratoriya ilə "Azexport" arasında gələcəkdə Azərbaycan məhsullarının keyfiyyətinin yoxlanılması və sertifikatlaşdırılması ilə bağlı razılıq əldə olunub.
Portalın rəhbəri Zaur Qardaşov Milanda yerləşən və Avropanın ən böyük kənd təsərrüfatı məhsullarının topdansatışı bazarını ziyarət edib, bazarın iş prinsipi ilə tanış olub. Burada fəaliyyət göstərən iş adamlarına "Azexport.az" portalının təqdimatından sonra rəhbərlik Azərbaycan məhsullarının həmin bazar vasitəsilə Avropa bazarına satışının təşkilində maraqlı olduqlarını, xüsusilə mövsümi giləmeyvələr, heyva, nar, quru meyvələr, bal, orqanik toyuq əti və fındığın idxalında maraqlı olduqlarını bildiriblər. Əlavə ediblər ki, bu cür ixrac təşviq modeli onlar üçün yenidir. İtalyan sahibkarlarının qənaətinə görə, gələcəkdə belə təcrübənin bu ölkənin şırkətlərinə tətbiq edilməsi maraqlı olardı.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.