CƏMİYYƏT


Əzilmiş, ziyanvericilərin təsirinə məruz qalmış əriyin istehlakı sağlamlıq üçün təhlükəlidir

Bakı, 27 may, AZƏRTAC

Yayın gəlişi ilə əlaqədar istehlakda mövsümi məhsullara tələbat çoxalıb. Belə meyvələrdən biri də ərikdir. Ərik dərildikdən sonra üç-beş gündən artıq qalmamalıdır çünki tez xarab olur.

Əriyin 20-dən çox növü var. Ərik meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Tərkibində şəkərlər, müxtəlif turşular, pektin maddələri və vitaminlər var. Toxumlarında 45-58 faiz yağ və 25 faiz zülal var. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsinə, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Bu əriyin tərkibində bioloji aktiv maddələrin çoxluğu ilə bağlıdır.

Əriyin xarici görünüşü və yetişdiyini orqonoleptik göstəricilərə görə təyin etmək olar. Meyvələrin yığılması vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır.

Qablaşdırılmadıqdan əvvəl əriklər növlərinə görə qruplaşdırılmalıdır. Ərik qablaşdırılan taralarda məhsul göndərənin adı, növü, qablaşdırılma tarixi, partiyanın nömrəsi və standartı və s. öz əksini tapmalıdır.

Yüksək qidalılığa malik ərik təzə-təzə yeyilməlidir. Həmçinin onu konservləşdirmək, ondan kompot, mürəbbə, cem, pastila, şirə, şərab və likyor hazırlamaq və qurutmaq mümkündür. Təzə halda yetişmiş ərik həzm prosesini yaxşılaşdırır, susuzluğun qarşısını alır, bağırsaqları yumşaldır, dərini gözəlləşdirir. İnsanların gün ərzində ən azı 3-5 ərik istehlak etməyi tövsiyə olunur.

Əriklər müxtəlif irilikdə, formada və rəngdə olur. Bir meyvənin çəkisi orta hesabla 40-50 qram olur. Təbii meyvələri iyun və iyulda yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və istehlakı zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.

Ərik qablaşdırılan taralar möhkəm, təmiz, quru olmalı, iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır. Əriyin daşınması xüsusi taralarda həyata keçirilir.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,50C + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +50C +80C temperaturda saxlanıla bilər. Əriyi soyuducuda polietilen paketlərdə saxlamaq olar. Əriyin saxlanması zamanı nisbi rütubətliyi 90 faiz olmağı məqsədəuyğundur.

Əriyin yetişməsinin müəyyən edilməsinin bir sıra üsulları var. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur.

İstehlakçı olaraq hər biriniz ərik alarkən onun qablaşdırılmasına, saxlanma şəraitinə və temperaturuna diqqət edin. Əzilmiş, ziyanvericilərin təsirinə məruz qalmış əriyin istehlakı faydasız olmaqla yanaşı, sağlamlığınız üçün təhlükəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.