İQTİSADİYYAT
“Azneft” İB-də Davranış və Təhlükəsizliyin Müşahidə Sisteminin tətbiqinə başlanılıb
Bakı, 15 avqust, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində (İB) “Davranış və təhlükəsizliyin müşahidə sistemi” mövzusunda seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda əməyin mühafizəsi üzrə 2016-cı ildə görülən işlər müzakirə edilib. Bildirilib ki, təhlükəsiz iş şəraitinin təmin edilməsi və riskli davranışların aradan qaldırılması məqsədilə Davranış və Təhlükəsizliyin Müşahidə Sisteminin (DTMS) tətbiqinə başlanılıb. Bu sistemin tətbiqində əsas məqsəd işçilər arasında təhlükəsizlik məsuliyyətini gücləndirmək və DTMS vasitəsilə işçilər arasında “təhlükəsizliyə riayət” anlayışı yaratmaqdır. DTMS təhlükəsizlik üzrə tədbirlərin gücləndirilməsinə və təhlükəli şəraitlərin öncədən müəyyən edilməsinə zəmin yaradacaq. Sistemin hər bir işçi üçün mühüm əhəmiyyət daşıdığı və birliyin əməkdaşlarının bu layihəyə cəlb olunmasının vacibliyi vurğulanıb.
Seminarda DTMS kartları paylanıb, sistemdə qeydiyyatın aparılma qaydaları və nəticələrinin analiz olunması əyani şəkildə nümayiş etdirilib.
Sonda DTMS-nin ilk öncə “Azneft” İB-nin idarəetmə aparatında tətbiqinə başlanıldığı, tezliklə birliyin bütün əməkdaşlarının bu işə cəlb ediləcəyi, işçilər arasında təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi üçün maarifləndirmə tədbirlərinin intensiv aparılacağı vurğulanıb, DTMS kartlarının təhlili nəticəsində fərqlənənlərin mükafatlandırılacağı bildirilib.