İQTİSADİYYAT
“Azneft” İB-də “SAP HR”ın istifadəsinin genişləndirilməsi diqqətdə saxlanılır
Bakı, 10 oktyabr, AZƏRTAC
“SAP ERP” sisteminin insan resurslarının idarə edilməsi modulu olan “SAP HR”ın istifadəsinin genişləndirilməsinə dair “Azneft“ İstehsalat Birliyində iclas keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin Baş direktoru Daşqın İskəndərov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, eləcə də birliyin rəhbərliyi və “SAP” proqramının koordinatorları iştirak ediblər.
“Azneft” İB-nin Baş direktoru D.İskəndərov layihənin məqsəd və əhəmiyyətindən ətraflı bəhs edib, son illər innovativ sistemlərin yaradılması, beynəlxalq standartların tətbiqi istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğulayıb.
İnsan Resursları Departamentinin rəisi A.Bəkirli SOCAR-da insan resurslarının idarəedilməsi sahəsi üzrə görülən işlərdən danışıb, layihənin məhz “Azneft” İB-də başlanılmasını qeyd edib. Bildirilib ki, layihənin əsas məqsədlərindən biri insan resursları sahəsində müxtəlif yanaşmaların peşəkar sintezini həyata keçirib, şirkət üzrə bu sahədə vahid yanaşmaya nail olmaqdır. Bu proseslərin avtomatlaşdırılmış şəkildə sistem vasitəsilə həyata keçirilməsi operativlik və obyektivlik baxımından böyük önəm kəsb edir.
Müzakirələr zamanı “SAP” proqramının “HR” modulunun pilot idarələr kimi “28 May” və Ə.C.Əmirov adına neft və qazçıxarma idarələrində tətbiqi haqqında ümumi məlumat verilib, modulun əhəmiyyətindən danışılıb. Birlik üzrə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədi daşıyan “SAP ERP” sisteminin “HR” modulu isə neft-qaz sektorunda çalışan işçilərin peşəkarlığının artırılmasına, həmçinin daha istedadlı və bacarıqlı gənc kadrların cəlb olunmasına xidmət edir.
Qeyd edilib ki, yeniliklərdə əsas məqsəd təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərə cəlb olunan işçilər üçün seminarların məqsədyönlüyünə nail olmaqdır. İclasda “SAP ERP” sisteminin modullarının məhsuldar istismarı, modullar üzrə yeniliklərin tədrisi ilə əlaqədar təlimlərin keçirilməsi qərara alınmış, aidiyyəti mütəxəssislərə SAP ERP sisteminin uğurlu tətbiqi barədə müvafiq tapşırıqlar verilib.
SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezident Y.Lətifov layihə ilə bağlı görülən işləri yüksək qiymətləndirib, layihənin effektiv həyata keçirilməsi üçün iştirakçıları bir biri ilə sıx əməkdaşlıq etməyə çağırıb. Vitse-prezident SOCAR-ın strateji hədəflərə çatması üçün layihə çərçivəsində istehsalat ilə insan resurslarının qarşılıqlı sintezinin əhəmiyyətli olduğunu vurğulayıb, layihə ilə bağlı tövsiyələrini verib.