İQTİSADİYYAT
“Azneft” İB-də əməyin mühafizəsi üzrə vahid tələblər müəyyənləşdirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Neft sənayesində əməyin mühafizəsi istehsalatın kompleks idarəetmə sisteminin mühüm elementlərindən biridir. Bu sahədə işlərin təhlükəsiz təşkili üçün “Azneft” İstehsalat Birliyində (İB) vahid tələblər müəyyən edilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə “Azneft” İB-də “2014-cü ilin ötən dövrü ərzində istehsalatda baş vermiş hadisələr” mövzusunda keçirilən müşavirədə məlumat verilib.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışan İB-nin baş direktoru Daşqın İskəndərov arzuolunmaz hadisələrin baş verməməsi üçün zəruri olan tədbirləri iştirakçıların diqqətinə çatdırıb.
İB-nin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov Birliyin struktur təşkilatlarında 2014-cü ilin ötən dövrü ərzində baş vermiş hadisələrin əvvəlki illərlə müqayisəsini aparıb və onların səbəblərini təhlil edib. Bildirilib ki, İB-nin strukturunda fəaliyyət göstərən podratçı təşkilatların işinə xüsusi diqqət yetirilməli, ilk növbədə, istehsalat sahələrində təhlükəli və zərərli istehsalat amilləri aradan qaldırılmalı, riskin qiymətləndirilməsi yolu ilə təhlükəsiz və sağlam əmək şəraiti yaradılmalıdır.