İQTİSADİYYAT
“Azneft” İB-də keçirilən müşavirədə doqquz aylıq texniki və iqtisadi göstəricilər təhlil edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyində 2014-cü ilin doqquz ayının yekunlarına, texniki və iqtisadi göstəricilərin təhlilinə həsr olunmuş müşavirə keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən İB-nin baş direktoru Daşqın İskəndərov cari ilin doqquz ayı ərzində neft-qaz hasilatı sahəsində görülmüş işlər, qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib.
Hesabat dövründə birliyin idarə və müəssisələrində qeydə alınmış istehsalat və iqtisadi göstəricilərin təhlili, enerji daşıyıcılara qənaət, həmçinin mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı çıxışlar dinlənilib. Göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisəli şəkildə slaydlar vasitəsilə iştirakçıların diqqətinə çatdırılıb, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.