İQTİSADİYYAT
“Azneft” İB-də müasir kimya və radiasiya qurğularının iş prinsipləri nümayiş etdirilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) 1 Mart-Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə birliyin baş direktorunun müavini Cəlair Səmədov təbii fəlakətlər və texnogen qəzaların təsnifatından, işçilərin təhlükəsizliyinin təmin edilməsində və maddi itkilərin qarşısının alınmasında mülki müdafiə tədbirlərinin əhəmiyyətindən danışıb. Həmçinin, 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününün yaranma tarixi, “Azneft” İB-də mülki müdafiə tədbirlərinin təşkili və fövqəladə hallar zamanı fəaliyyət qaydaları barədə məlumat verilib, müasir kimya və radiasiya qurğuları və onların iş prinsipləri nümayiş etdirilib.
Birliyin struktur təşkilatlarındakı toplanışlarda isə işçilərin risklərin qarşısının alınmasına hazırlanması və fövqəladə hadisələr zamanı davranış qaydaları üzrə təqdimatlar keçirilib, sərgilər təşkil edilib. Həmçinin, praktiki olaraq qəzaların qarşısının alınması, ilk tibbi yardımın göstərilməsi və digər məşqlər nümayiş etdirilib.