İQTİSADİYYAT
“Azneft” İB-də ötən ilin ən yaxşıları seçilib
Bakı, 16 mart, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində (İB) keçən ilin ən yaxşıları mükafatlandırılıb.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mərasimdə şirkətin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərov, kollektiv nümayəndələri iştirak edib.
Birliyin baş direktoru Daşqın İskəndərov 2016-cı ilin ən yaxşı işçilərinin həvəsləndirilməsi məqsədilə keçirilmiş müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, onlara gələcək faəliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, birliyin strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəis müavini Ülviyyə Quluzadənin sədrliyi ilə keçirilən müsabiqə işçi heyətin qiymətləndirilməsi və motivasiyasının artırılması məqsədi daşıyıb.
SOCAR-ın vitse-prezidentləri Yaşar Lətifov və Bəhram Hüseynov çıxış edərək qalibləri təbrik edib, 2017-ci ildə birliyin əməksevər kollektivinə daha böyük uğurlar arzulayıblar.
Sonda illik əmək göstəriciləri, nümunəvi nizam-intizamı, işgüzarlığı ilə fərqlənənlərə “ilin ən yaxşı işçisi”, “ilin ən yaxşı müəssisəsi”, “ilin ən yaxşı rəhbər işçisi” və başqa nominasiyalar üzrə hədiyyələr və fəxri diplomlar təqdim olunub. Hasilat dayanıqlılığının təmin edilməsi və artırılmasına, işlərin təhlükəsiz, ekoloji baxımından düzgün həyata keçirildiyinə, əməliyyatların vaxtında və nöqsansız icra edildiyinə görə, “Abşeronneft” neft və qazçıxarma idarəsi “İlin ən yaxşı müəssisəsi” seçilib.