İQTİSADİYYAT
“Azneft” İB-də perspektivli quru yataqlarının yenidən işlənilməsi müzakirə olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində qurudakı perspektivli yataqların yenidən işlənməsinə dair iclas keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov və mütəxəssislər iştirak ediblər.
“Azneft”in baş direktorunun müavini, baş geoloq Ədalət Eminov quruda yerləşən və hazırda işlənmədə olan perspektivli yataqlar barədə məlumat verib, “Buzovna-Maştağa” neft yatağının perspektivlərindən danışıb, yataqda təkrar elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini, yeni qazıma işləri həyata keçirməklə daha böyük səmərə əldə olunacağını vurğulayıb.
Müzakirələr zamanı “Qala” və “Lökbatan - Puta Quşxana” yataqları yenidən işlənilmək üçün perspektivli hesab olunub. Bildirilib ki, “Buzovna-Maştağa” yatağında qazanılacaq təcrübə və dinamika bu və digər perspektivli quru yataqlarında da tətbiq edilməlidir. “Lökbatan - Puta Quşxana” yatağında işlənmənin genişləndirilməsi üçün axtarış-kəşfiyyat işlərinin davam etdirildiyi qeyd olunub, axtarış-kəşfiyyat işlərində müsbət nəticə alınacağı təqdirdə işlərin davam etdiriləcəyi vurğulanıb.
İclasda hazırda işlənmədə olan perspektivli quru yataqlarının uzunmüddətli və qısamüddətli işlənmə proqramlarının detallı hazırlanaraq təqdim olunması qərara alınıb, müvafiq qiymətləndirmələrdən sonra qazma işlərinin həyata keçiriləcəyi bildirilib.