İQTİSADİYYAT
“Azneft” İB-nin istehsalat sahələrində əməyin təhlükəsizliyi üzrə nəzarət tədbirləri gücləndirilib
Bakı, 8 avqust, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində (İB) “Təzyiq altında işləyən avadanlıqların quruluşu və təhlükəsiz istismar qaydası” mövzusunda seminar keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birliyin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov son illər istehsalat sahələrində əməyin təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb, bu istiqamətdə texniki normativ bazanın təkmilləşdirildiyini, nəzarət tədbirlərinin gücləndirildiyini söyləyib.
Seminarda təzyiq altında işləyən avadanlıqların təhlükəsiz istismarı haqqında ümumi məlumat verilib, onların qeydiyyata alınması, nişanlanması, rənglənməsi, saxlanılması qaydalarından danışılıb. Həmçinin yüklənilməsi, boşaldılması, nəqli, təhlükəsiz istismarı və sınağı zamanı diqqət edilməsi lazım gələn məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
İstehsalat Birliyində bu istiqamətdə maarifləndirmə işlərinin intensiv şəkildə aparılmasının vacibliyi vurğulanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.