İQTİSADİYYAT


“Azneft” İB-nin neft və qazçıxarma idarələrində səyyar müşavirələrə başlanılıb

A+ A

Bakı, 12 avqust, AZƏRTAC

“Azneft” İstehsalat Birliyində bu ilin birinci yarısı üzrə göstəriciləri və qarşıda duran vəzifələri müzakirə etmək, eləcə də istehsalat sahələrində görülmüş işlərlə yaxından tanış olmaq məqsədilə birliyin rəhbərliyinin iştirakı ilə neft və qazçıxarma idarələrində (NQÇİ) səyyar müşavirələrə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birliyin “28 May”, “Neft Daşları” və N.Nərimanov adına neft və qazçıxarma idarələrində keçirilən müşavirələr zamanı hasilat sahəsində əldə olunan nailiyyətlər barədə geniş hesabatlar verilib, əsas texniki-iqtisadi göstəricilər, yataqların cari vəziyyəti, həyata keçirilən qazma əməliyyatları, əməyin mühafizəsi, yeni texnika və texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi, gənc kadrların yetişdirilməsi sahələrində görülmüş işlərdən bəhs edilib.

“28 May” NQÇİ-də keçirilən müşavirədə birliyin baş direktoru Daşqın İskəndərov ölkə üzrə hasilatda ən böyük paya sahib idarədə görülən tədbirlərdən danışıb, istismara verilmiş qaz kompressor stansiyalarından səmərəli istifadə olunmasının önəmini qeyd edib. Quyu fondu üzərində daha ətraflı tədqiqat işlərinin aparılması, “Günəşli” yatağında uzun müddət istismar olunan obyektlərdə növbəli şəkildə əsaslı təmir aparılması qərara alınıb. Bildirilib ki, ilin sonuna kimi “Günəşli” yatağında 7, “Çilov” yatağında isə 4 quyunun qazılaraq istismara verilməsi nəzərdə tutulub, cari ildə 3 quyu fəaliyyətsiz fonddan istismar fonduna qaytarılıb, 6 yeni obyekt tikilərək istifadəyə verilib. 17 obyektdə isə tikinti işləri davam etdirilir.

“Neft Daşları” NQÇİ-dəki müşavirədə idarənin hesabatı dinlənilib, tətbiq olunan yeni texnika və texnologiyaların istifadəsi nəticəsində alınmış səmərə müzakirə edilib. Vurğulanıb ki, son 5 il ərzində yataqda quyu fondunun 1/3 hissəsi yenilənib. Hasilat tempinin düşməsinə imkan vermədən hidrotexniki qurğuların mərhələli şəkildə əsaslı təmir olunması və bunun üçün qabaqlayıcı tədbirlər planının hazırlanması barədə NQÇİ-yə tapşırıqlar verilib. Qeyd olunub ki, “Neft Daşları” NQÇİ-də 713 metr estakada, 2 min 663 kvadratmetr meydança sahəsi təmir edilib, ilin əvvəlindən indiyə kimi 9 yeni quyu istismara təhvil verilib.

N.Nərimanov adına NQÇİ-nin də hesabatı dinlənilib, qarşıya qoyulmuş planın 101 faiz yerinə yetirildiyi bildirilib. Qeyd olunub ki, son bir neçə ildə İdarədə 19 özül əsaslı şəkildə təmir olunaraq istismara verilib. Bu il 5 yeni obyekt istismara verilib, ilin sonuna kimi daha 7 obyektin təhvil veriləcəyi nəzərdə tutulub. Quyu fondunun yenidən təhlil edilməsinin, təmirlərarası müddətlərin azaldılması barədə səylər göstərilməsinin, eləcə də xərclərin optimallaşdırılmasının vacibliyi vurğulanıb. Birlik üzrə əsas texniki-iqtisadi göstəricilərin yerinə yetirilməsinə baxmayaraq, məhsuldarlığın artırılması istiqamətində böyük potensialın olduğu, bunun üçün qarşıda daha böyük vəzifələrin dayandığı bildirilib.

Silsilə müşavirələrin qrafikə uyğun olaraq digər idarələrdə də keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.